• Bakı 26° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Quduzluq vaksini hansı günlərdə olunmalıdır? - RƏSMİ SXEM

CƏMİYYƏT

29 Iyul 2026 | 15:41

Quduzluq vaksini hansı günlərdə olunmalıdır? - RƏSMİ SXEM

Heyvan dişləməsi zamanı vaksinasiya kursu fasiləsiz davam etdirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun canlı yayımı zamanında çıxışı zamanı deyib.

Qurum rəsmisi bildirib ki, heyvan dişləmələri ilə bağlı tibbi yardım yalnız iş günləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, ölkədə həftənin yeddi günü, sutkanın 24 saatı fəaliyyət göstərən tibb müəssisələri və təxirəsalınmaz yardım şöbələri vətəndaşlara xidmət göstərir.

Aytəkin Qurbanova qeyd edib ki, vətəndaşlar ən yaxın tibbi müəssisəni tapmaqda çətinlik çəkdikdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qaynar xəttinə müraciət edə bilərlər. Mərkəz tərəfindən onlar uyğun tibb müəssisəsinə yönləndirilir.

“İlkin tibbi yardım zamanı zərurət olduqda antirabik immunoqlobulin, antirabik vaksinin ilk dozası və tetanus profilaktikası üçün anatoksin tətbiq edilir. Bundan sonra Ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş göndərilir və epidemioloqlar vətəndaşla əlaqə saxlayaraq vaksinasiya kursuna nəzarət edirlər”, – deyə o bildirib.

Şöbə müdiri vurğulayıb ki, vaksinasiya müəyyən sxem üzrə aparılır. İlk doza müraciət günü vurulur, ikinci doza dördüncü gündə, üçüncü doza isə yeddinci gündə tətbiq edilir. Heyvan naməlumdursa, müşahidə mümkün deyilsə və ya quduzluğa şübhəli hesab olunursa, əlavə olaraq 14-cü və 28-ci günlərdə də peyvənd vurulur.

Onun sözlərinə görə, növbəti peyvənd günləri istirahət və ya qeyri-iş gününə təsadüf etsə belə, vətəndaşlar əvvəlcədən 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə yönləndirilir ki, vaksinasiya cədvəli pozulmasın və bütün dozalar vaxtında tətbiq olunsun.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026