“Tıxac probleminin köklü həlli Bakının yükünün azaldılmasından, iqtisadi-sosial fürsətlərin ölkə üzrə bərabərəyaxın yayılmasından keçir ki, bu da ciddi zaman alan məsələlərdir”.
Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Bakıda tıxac probleminin həlli üçün bir neçə təkliflə çıxış edən ekspertin sözlərinə görə, parklanma məsələsi şəhərdə böyük problemdir: "Lütfən, heç olmasa ikinci, hətta üçüncü cərgədə maşını park edib qəza işıqlarını yandırıb harasa getməyin. Ümumiyyətlə belə vəziyyətdə qəza işıqlarını (avariyka) yandırıb harasa gedən sürücüləri anlamıram, ay qardaş, ay bacı, qəza işıqları yanır deyə yol açılmır axı, o işıqların məqsədi yandırıb harasa getmək deyil, işıqlar yanırsa bu problemləri həll etmir axı".
N.Cəfərli deyib ki, əsas yolda sürən sürücülərin yol üstünlüyündən istifadə etmək hüququ - bu ayrı bir dərddir: "Məsələn, Bayıl tərəfdən, Gülüstan Sarayı tərəfdən gəlirsən və hər gün eyni mənzərə görürsən: Üzü Mehdi Hüseyn küçəsi tərəfdən gələn və Prezident Administrasiyasına tərəf dönməli olan sürücülərin yol üstünlüyü var - eyvallah, qanun onların tərəfindədir, sən dayanıb gözləyirsən, amma elə bir an yaranır ki, heç kəsə mane olmadan (aparat tərəfdən də maşınlar üzü yuxarı qalxır) sürüb keçə bilərsən, elə bir pəncərə yaranan kimi yuxarıdan gələn sürücü bunu hiss edir, həmən sürəti artırır ki, sən keçə bilməyəsən və bundan həzz almış kimi gülümsəyərək qarından keçir – ay insan, sabah sən də eyni vəziyyətə düşücəksən də, niyə belə edirsən axı, əksinə, sürəti bir az da azalt, qoy bir yox, iki-üç maşın sən çatana qədər yolu keçə bilsin"
Onun sözlərinə görə, zolaqlar məsələsi də ağır dərddir: "Tez-tez zolaq dəyişən sürücülərə sözüm odur ki, vallah-billah əks-effekt yaranır, istədiyin yerə, tam tərsi, daha gec çatırsan, çünki hər zolaq dəyişmək üçün etdiyin manevr yolda ümumi sürəti bir az da azaldır, tıxac daha da artır və sən tez çatmaq istədiyin yerə daha gec çatırsan".
Piyada zolaqları məsələsinə gəlincə, ekspert piyadalara müraciət edərək, onları məntiqlə hərəkət etməyə çağırıb: "Yerüstü “zebralardan” keçmək sənin haqqındır, hüququndur, bəli, sən üstünsən, qanun da sənin tərəfindədir, amma bəs məntiq və həmrəylik?! Çatırsan piyada zolağına yolu telefonla danışa-danışa keçənləri hələ qoydum bir kənara, görürsən bir nəfər piyada həmən ayağını zolağa basır ki, sən dayanasan, xub, əla haqqı var, amma əziz insan, sən çatdın zolağa, 3-5 saniyə gözlə, heç olmasa, 3-5 nəfər də yığılsın, birdən keçin yolu, bir yerdə keçin, bu yollarda maşın axınının sürətinə müsbət təsir edəcək, tıcax zülmünü bir az azaldacaq".
Aytac Aslan





jpg-1669273357.webp)










