Baş nazir Andrey Babiş, rəsmi səfəriniz və bu gün Qəbələdə apardığımız konstruktiv müzakirələrə görə Sizə minnətdarlığımı bildirirəm. Bunun Aİ hüdudlarından kənara ilk rəsmi səfəriniz olması ikiqat şərəfdir. Bizim sıx siyasi münasibətlərimiz mövcuddur və bugünkü fikir mübadiləsi bir daha Azərbaycan-Çexiya əlaqələrinin daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyimizi təsdiqlədi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev X sosial media hesabındakı paylaşımında bildirib.
“Ticarət dövriyyəmiz yüksək səviyyədə olsa da, iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Səfər çərçivəsində keçirilən və işgüzar icmalarımızın nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə mühüm addımdır. Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik ki, bu da xüsusilə enerji, sənaye və digər əsas sektorlarda daha effektiv koordinasiyaya töhfə verəcəkdir. Həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk və onun daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər görürük. Sizin Çex Respublikasına səfər etmək təklifinizi məmnuniyyətlə qəbul edirəm və bir daha dostluğunuza və tərəfdaşlığınıza görə sizə təşəkkür edirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bakı 




