Azərbaycan cəmi 55 % səviyyəsində özünü buğda ilə təmin edir və əfsuslar olsun ki, bu əmsal artmır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı istehsal ilə bağlı təminetmə əmsalı və bəzi rəqəmlərə toxunub:
"Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır".
Prezident vurğulayıb ki, digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir:
"Özümüzü 95 % təmin edirik və idxal da çox cüzidir. Dənli paxlalar. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik.
İlham Əliyev eyni zamanda tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsi ilə bağlı vəziyyətin müsbət olduğunu qeyd edib:
"Özümüzü tərəvəz üzrə 107 faiz təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsalı 460 min ton, idxal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104 faiz. Meyvə, giləmeyvə. 140 faiz təminat, istehsal 1 milyon 400 min ton. Təbii ki, idxal da var. Çünki müxtəlif meyvələr var ki, onlar idxal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, təqribən 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə Dövlət Proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Bu gün biz qoz-fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Yəni bu istiqamət üzrə biz dünyada 3-4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı. Özümüzü təminetmə əmsalı 92 faiz, istehsal 211 min ton, idxal 28 min ton, ixrac da var. İxrac da 10 min ton".
Bakı 




