“Hamiləlik zamanı qidalanmada zülal, yağ və karbohidrat balansına diqqət edilməlidir”
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, hamiləlik dövründə sağlam həyat tərzinin əsas şərtlərindən biri düzgün və balanslı qidalanmadır. Mütəsəxxis qeyd edib ki, hamilələr üçün kalorisi həddindən artıq yüksək olmayan, lakin çeşid baxımından zəngin qida rasionu tövsiyə edilir.
R.İsayeva bildirib ki, balanslı qidalanmada zülal, yağ və karbohidratların düzgün nisbətdə qəbul edilməsi vacibdir. O, zülalların həm heyvani, həm də bitki mənşəli qidalardan alınmasını tövsiyə edib.
“Heyvani mənşəli zülallardan istifadə zamanı yağlı qidalara üstünlük verməmək, yağsız ət, quş əti və balıqdan istifadə etmək lazımdır. Bitki mənşəli zülal mənbələrinə isə lobya və mərcimək daxildir”, - deyə həkim vurğulayıb.
Mama-ginekoloq karbohidrat seçiminə də diqqət çəkib. Onun sözlərinə görə, qanda şəkərin səviyyəsini sürətlə yüksəldən sadə karbohidratlar əvəzinə tam buğda məhsulları, qarabaşaq, yulaf və qəhvəyi düyü kimi qidalara üstünlük verilməlidir.
Həkim bildirib ki, yağlar da hamilə qadının balanslı qidalanmasının vacib hissəsidir. Bu baxımdan zeytun yağı, avokado və çərəzlərdə olan bitki mənşəli yağların rasiona daxil edilməsi tövsiyə olunur.
Onun sözlərinə görə, hamiləlik dövründə zülala olan ehtiyac da artır. Təxminən hər kiloqram bədən çəkisinə 1,1-1,2 qram zülal qəbul edilməsi, yəni gündəlik orta hesabla 75-100 qram zülal alınması tövsiyə olunur.
Zeynəb Rzayeva
















