• Bakı 27° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Ermənistanda keçmiş məmura korrupsiya ittihamı

DÜNYA

04 Avqust 2026 | 16:36

Ermənistanda keçmiş məmura korrupsiya ittihamı

Ermənistanda Yerevan Bələdiyyəsinin Memarlıq və Şəhərsalma Departamentinin keçmiş rəhbəri barəsində korrupsiya ittihamı ilə cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, 2010-2018-ci illərdə sözügedən vəzifəni tutan şəxs xidməti səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanuni maraqlarına ciddi ziyan vurub.

İstintaqın ilkin nəticələrinə əsasən, keçmiş məmur Yerevanda yerləşən 2 500 kvadratmetrlik torpaq sahəsinin təyinatının qanunsuz şəkildə dəyişdirilməsi üçün saxta məlumatlar hazırlayıb və həmin sənədləri şəhər merinə təqdim edib. Bildirilir ki, nəticədə torpaq sahəsi qanunsuz olaraq Yerevan merinin müavinlərindən birinin oğluna verilib.

Bundan başqa, istintaq zamanı müəyyən olunub ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın keçmiş mühafizəçisinin həyat yoldaşının faktiki benefisiarı olduğu şirkətin maraqları naminə də qanunsuz hərəkətlər edilib. Belə ki, Tələbə Parkı ərazisində yerləşən restoran kompleksi ilə bağlı bina üçün həqiqətə uyğun olmayan rəy hazırlanıb və həmin sənəd əsasında torpaq sahəsinin bir hissəsi şirkətin mülkiyyətinə keçirilib.

Komitənin məlumatına görə, bu proses Ermənistanın Torpaq Məcəlləsinin tələblərinə zidd şəkildə həyata keçirilib və torpaq sahəsi şirkətə 24 milyon dramdan artıq məbləğdə qanunsuz olaraq özgəninkiləşdirilib. Nəticədə icmanın hüquq və qanuni maraqlarına ciddi zərər dəyib.

Qeyd olunub ki, keçmiş vəzifəli şəxsə rəsmi ittiham irəli sürülüb və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilməyə hazır vəziyyətə gətirilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR