“Sea Breeze” kurort-şəhərinin inkişafında əsas istiqamətlərdən biri müasir əyləncə infrastrukturunun yaradılması və beynəlxalq səviyyəli tədbirlərin təşkili olaraq qalır. Layihə çərçivəsində xarici tərəfdaşların və biznes nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq investisiya və iqtisadi forumlar keçirilir. Eyni zamanda, layihənin beynəlxalq miqyasda təmsilçiliyinin genişləndirilməsi istiqamətində fəal iş aparılır.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bunu “Sea Breeze” kurort-şəhərinin təsisçisi, “Agalarov Development” şirkətinin prezidenti və Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov deyib.
“Buraya müxtəlif ölkələrdən hökumət nümayəndələri, iqtisadiyyat nazirləri, investorlar və tərəfdaşlar gəlirlər. Biz beynəlxalq brendlərin, restoranların və otel şəbəkələrinin layihəyə cəlb olunması üçün fəal işləyirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, “Sea Breeze” artıq tədricən lokal layihə statusunu geridə qoyur və müasir Azərbaycanla əlaqələndirilən beynəlxalq brend kimi formalaşır.
Yeni inkişaf istiqamətlərindən danışan sahibkar “Sky Views” dağ layihəsinin icrasına başlanıldığını vurğulayıb:
“Bu, 35 xizək eniş zolağı, qədim qəsr üslubunda tikiləcək otel, şalelər və mənzilləri əhatə edən tammiqyaslı dağ kurortu olacaq. Obyektlərin bir hissəsi artıq satışa təqdim edilib”.
E.Ağalarov qeyd edib ki, şirkət Azərbaycan hüdudlarından kənarda da layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bu ölkələr arasında Özbəkistan və Monteneqro da var. Nümunə kimi investisiya həcmi 1 milyard dollara yaxınlaşan Portonovi layihəsi göstərilib:
“Son iki ildə “Sea Breeze” lokal layihədən iri beynəlxalq ekosistemə çevrilib”.
Onun sözlərinə görə, “Sea Breeze” konsepsiyasının ayrı-ayrı elementləri artıq ölkə xaricində həyata keçirilən layihələrdə də tətbiq olunur:
“Bu gün artıq söhbət mürəkkəb beynəlxalq strukturdan gedir. Bununla belə, bizim hazır investisiya paketlərimiz var, belə ki, onlar likviddir, cəlbedicidir və yüksəkgəlirlilik potensialına malikdir”.
İnvestisiya modelindən danışan E.Ağalarov deyib ki, layihə daxili zəmanət və geri alış mexanizmləri hesabına illik 15 faizdən başlayan gəlirlilik, üç il ərzində isə potensial olaraq 50 faizə qədər gəlir nəzərdə tutur.
Onun fikrincə, layihə üçün su təminatının sabitliyi və ekoloji infrastrukturun inkişafı xüsusi əhəmiyyət daşıyır:
“Əvvəllər kifayət qədər su təminatımız yox idi. Dəniz suyunun duzsuzlaşdırılmasından istifadə edirdik. Amma imkanlar məhdud idi, xərclər isə çox yüksək olurdu. Yay aylarında hər gün 500-ə qədər su maşını gətirməli olurduq”.
Hazırda layihə dağ su ehtiyatlarından və rezervuar sistemdən istifadə edən mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinə qoşulub.
E.Ağalarov investorların strukturunda baş verən dəyişikliklərə də toxunub:
“İlk investorlar təxminən beş il əvvəl gəlib. Ondan əvvəl biz əsasən yerli maliyyə alətləri və banklarla işləyirdik”.
Sahibkar şirkətin strateji məqsədlərindən birinin qlobal kapital bazarına çıxış olduğunu əlavə edib:
“Biz demək olar ki, istənilən həcmdə investisiyanı həyata keçirə bilərik. Hazırda təxminən 750 hektar ərazidə tikinti gedir. Eyni vaxtda 4,5 milyon kvadratmetrdən çox sahədə iş aparılır ki, bu da pul ifadəsində təxminən 10 milyard dollar deməkdir. Bütün bunları təxminən üç il ərzində başa çatdırmağı planlaşdırırıq. Layihənin ümumi investisiya portfeli minimum 100 milyard dollardır və bu vəsaiti qarşıdakı on il ərzində cəlb etməyi nəzərdə tuturuq”.
Onun sözlərinə görə, layihə 1850 hektar ərazinin mənimsənilməsini və müxtəlif təyinatlı təxminən 30 milyon kvadratmetr daşınmaz əmlakın – otellərin, mənzillərin, villaların, kommersiya obyektlərinin, təhsil infrastrukturu və digər obyektlərin tikintisini əhatə edir:
“10, 100 və ya 500 milyon dollar həcmində investisiya daxil olan kimi biz yeni layihələrə dərhal başlaya bilirik. Çünki şəhərsalma ilə bağlı bütün sənədlər və dövlət sənədləri artıq hazırdır”.
Sahibkar brendin beynəlxalq səviyyədə tanınması məsələsinə də ayrıca toxunub:
“Hazırda əsas məsələ məhsulun özü deyil, onun tanınmasıdır. Rusiyada “Emin” brendi çox yaxşı tanınır. “Sea Breeze” isə hələ kifayət qədər tanınmır”.
Bakı 




