Amerikalılara etibar etmək olmaz, çünki onların siyasətinin mahiyyəti öhdəliklərin pozulmasına əsaslanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri "Al-Mayadeen"ə müsahibəsində deyib.
"İranın qanunsuz sanksiyalar və hərbi təcavüz qarşısında qələbəsinin səbəbi xalqın dəstəyidir", - o bildirib.
Ə. Baqerinin sözlərinə görə, regionda qeyri-sabitlik və təhlükənin əsas səbəbkarı ABŞ və İsraildir.
Qeyd edək ki, Baqeri Moskvada Əfqanıstanın müvəqqəti hökumətində müdafiə naziri vəzifəsini tutan Məhəmməd Yaqubla görüşdə də oxşar fikirlər səsləndirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Bakı 




