Xəbər verdiyimiz kimi, Bakı Hərbi Kollecinin kursantı Oruc Qasımov məzuniyyətdə olduğu zaman vəfat edib.
Bakıvaxtı.az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü Oruc Qasımov ötən gün dəfn edilib.
Mərhumun yaxınlarının və onu tanıyan şəxslərin sözlərinə görə, Orucun uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olub. O, hərbi təhsil aldığı müddətdə dərslərində yüksək nəticələri ilə seçilib, intizamlı davranışı və məsuliyyəti ilə kursant yoldaşlarının hörmətini qazanıb.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Oruc həm təhsilində, həm də kollektiv daxilində fəallığı ilə seçilən kursantlardan biri olub. Dostları arasında da sayılıb-seçilən və hörmət qazanan şəxs kimi tanınıb.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, son dövrlərdə Orucun şəxsi həyatında müəyyən problemlərin olduğu və bunun ona psixoloji baxımdan təsir etdiyi bildirilir.
Lakin qeyd olunan məqamların onun vəfatının səbəbi ilə bağlı olduğu barədə hər hansı rəsmi məlumat yoxdur. Ölümün dəqiq səbəbi ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir.
Elcan Musalı
















