• Bakı 23° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

CHP-də “saray çəkişməsi”: Türkiyə müxalifətində böhran

SİYASƏT

26 May 2026 | 10:18

CHP-də “saray çəkişməsi”: Türkiyə müxalifətində böhran

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) 2023-cü ilin noyabrında keçirilən qurultay ətrafında yaranan qalmaqal məhkəmə qərarı ilə yeni mərhələyə qədəm qoyub.

Bakıvaxtı.az xatırladır ki, Ankara Məhkəməsi partiyanın 38-ci qurultayının nəticələrini ləğv edərək sədrlikdə dəyişiklik edib və indiki sədr Özgür Özel vəzifəsindən uzaqlaşdırılıb. Sabiq sədr Kamal Kılıçdaroğlu müvəqqəti olaraq sədrliyə qaytarılıb. Partiya rəhbərliyi fövqəladə iclas çağırıb.

Bu qərar CHP daxilində və partiya tərəfdarları arasında ciddi çaxnaşmaya, etirazlara yol açıb. Türkiyə müxalifətinin gələcəyi ilə bağlı suallar da gündəmə gəlib.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Samir Əsədli deyib ki, Türkiyədə ana müxalifət partiyasına, Cümhuriyyəti qurmuş, Mustafa Kamal Atatürkün siyasi mirası və əmanəti olan bir partiyaya qarşı son dövrlərdə baş verənlər nə hüquqi, nə də demokratik baxımdan qəbul olunandır.

Onun fikrincə, müxalifətin zəiflədilməsi, daxili çəkişmələrin kənardan yönləndirilməsi görüntüsü və siyasətin polis nəzarəti ilə şəkilləndirilməsi Türkiyə kimi köklü dövlət ənənələri olan bir ölkəyə yaraşmır:

“Ana müxalifət partiyasının daxilində yaşanan proseslərin hüquqi müstəvidən çox siyasi müdaxilə görüntüsü yaratması cəmiyyətdə haqlı narahatlıq doğurur. Çünki dövlətin gücü ilə siyasətin istiqamətləndirilməsi qısamüddətli nəticə versə də, uzunmüddətli perspektivdə dövlət institutlarına olan etimadı zəiflədir”.

Müsahibimiz qeyd edib ki, Kamal Kılıçdaroğlunun davranışı da ayrıca müzakirə mövzusudur. Dediyinə görə, uzun illər siyasətdə olmuş, milyonlarla insanın səsini təmsil etmiş bir siyasətçinin ahıl yaşında özünü bu qədər mübahisəli və zəif görüntü içində qoyması həm öz siyasi irsinə, həm də onu dəstəkləyən insanlara qarşı hörmətsizlikdir:

“Polis nəzarəti altında partiya binasına daxil olmaq Türkiyə siyasi tarixində yaxşı xatırlanacaq səhnələrdən biri olmayacaq. Və bu Kılıçdaroğlu üçün bir damğa olaraq qalacaq, elə bu olayla xatırlanacaq”. 

Samir Əsədli: Baş verənlər Türkiyə kimi köklü dövlət ənənələri olan bir ölkəyə yaraşmır

S.Əsədli əlavə edib ki, Türkiyə çox ağır siyasi böhranlardan keçmiş, amma hər dəfə demokratik ənənələri sayəsində ayaqda qalmağı bacarmış bir ölkədir:

“Adnan Menderesdən Bülənt Ecevitə, Süleyman Dəmirəldən Turqut Özala, İsmet İnönüdən Dəniz Baykala, Alparslan Türkeşdən Məsud Yılmaza qədər fərqli siyasi xətləri təmsil edən liderlər bu ölkənin siyasi mədəniyyətinin formalaşmasında mühüm rol oynayıblar. Onlar bir-biri ilə sərt mübarizə aparsalar da, siyasətin legitimliyini və dövlətin demokratik çərçivəsini qorumağın vacibliyini bilirdilər. Bu gün Türkiyənin ehtiyacı daha çox qütbləşmə deyil, hüquqa və demokratik institutlara inamın bərpasıdır. Çünki güclü dövlət yalnız iqtidarla deyil, güclü müxalifətlə, azad mətbuatı ilə və xalqın özünü ifadə edə bildiyi demokratik mühitlə mümkündür”.

“İnanıram ki, Türkiyə cəmiyyəti öz demokratik təcrübəsi və siyasi şüuru ilə bu çətin mərhələni də geridə qoyacaq. Bu ölkənin yüzillik dövlət ənənəsi və demokratik yaddaşı var. Gec-tez hüquq, siyasi sağlam düşüncə və demokratiya yenidən üstün gələcək”, - deyə Samir Əsədli əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 May 2026