Niderlandlı mütəxəssis Mark van Bommel Belçika milli futbol komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssis vəzifəsinin icrasına avqustun 15-dən başlayacaq. Onunla imzalanan müqavilə 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 20-də Belçika Futbol Federasiyası millinin baş məşqçisi postunu tutan fransalı Rudi Qarsiyanın vəzifəsindən ayrıldığını açıqlamışdı. O, 2025-ci ilin yanvarından Belçika komandasına rəhbərlik edirdi.
Mark van Bommelin son iş yeri Belçikanın "Antverpen" klubu olub. O, 2022-2024-cü illərdə bu komandaya rəhbərlik edib və 2023-cü ildə Belçika çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb. Həmin il niderlandlı mütəxəssis Belçika çempionatında mövsümün ən yaxşı baş məşqçisi seçilib.
Van Bommel məşqçilik karyerası ərzində Almaniyanın "Volfsburq" və Niderlandın PSV klublarında da çalışıb. O, həmçinin Avstraliya, Səudiyyə Ərəbistanı və Niderlandın müxtəlif yaş qruplarından ibarət milli komandalarının məşqçi heyətində yer alıb.
Futbolçu kimi isə van Bommel PSV-nin heyətində Niderland çempionluğunu 4 dəfə qazanıb. O, "Barselona" ilə İspaniya çempionluğu və UEFA Çempionlar Liqasının qalibi olub, "Bavariya" ilə Almaniya çempionatında 2 dəfə, "Milan"la isə İtaliya çempionatında 1 dəfə qalib gəlib.
Niderland millisinin heyətində Mark van Bommel 2010-cu ildə dünya çempionatının gümüş medalçısı olub.
Bakı 



