Son dövrlər kibercinayətkarların istifadə etdiyi ən təhlükəli üsullardan biri də insanların İP ünvanlarını ələ keçirməkdir. Mütəxəssislər xəbərdarlıq edir ki, sadə bir linkə daxil olmaq belə şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, İT mütəxəssislərinin sözlərinə görə, bəzi saxta saytlar və tətbiqlər istifadəçilərin İP ünvanını qeydə alaraq onların yerləşdiyi məkan, internet provayderi və cihaz məlumatlarını müəyyən edə bilir. Bu məlumatlar daha sonra müxtəlif dələduzluq sxemlərində istifadə olunur.
Xüsusilə sosial şəbəkələrdə yayılan “şok xəbər”, “gizli video” və ya “sənə aid görüntü” başlıqlı linklərin risk yaratdığı bildirilir. Belə keçidlərə daxil olan şəxslərin məlumatları kiberhücumçuların əlinə keçə bilər.
Ekspertlər istifadəçilərə naməlum linklərə keçməməyi, VPN və antivirus proqramlarından istifadə etməyi tövsiyə edir. Həmçinin şəxsi məlumatların qorunması üçün iki mərhələli təhlükəsizlik sistemi aktiv edilməlidir.
Mütəxəssislər bildirirlər ki, kibertəhlükələr hər gün artır və diqqətsizlik ciddi maliyyə və şəxsi məlumat itkisinə səbəb ola bilər.
Murad İsmayıl
Bakı 




