“Hamiləlik zamanı üzgüçülük, pilates və yoqa kimi fiziki fəaliyyətlər tövsiyə olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, əks göstəriş olmadığı halda hamiləlik dövründə fiziki aktivlik vacibdir. Onun sözlərinə görə, müasir tibbi protokollarda hamilələrə həftə ərzində ən azı 150 dəqiqə hamiləliyə uyğunlaşdırılmış aerobik fiziki fəaliyyət tövsiyə olunur.
R.İsayeva qeyd edib ki, üzgüçülük, pilates və yoqa hamiləlik dövründə edilə biləcək fiziki fəaliyyətlər sırasındadır. Fiziki aktivliyin əzələlərin tonusda qalmasına və orqanizmdə qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsinə müsbət təsir göstərdiyini bildirib.
“Əzələlərin yığılması zamanı qlükozanın insulindən asılı olmayaraq hüceyrəyə daxil olma mexanizmi işə düşür. Bu da insulin dirəncinin azalmasına kömək edir və hamiləlik diabeti riskinin qarşısının alınmasında əhəmiyyətlidir”, - deyə həkim vurğulayıb.
Mama-ginekoloq oturaq həyat tərzinin hamilə qadınlar üçün arzuolunan olmadığını da qeyd edib. Onun sözlərinə görə, hamiləlik zamanı böyüyən uşaqlıq aşağı ətraflardan ürəyə qayıdan venoz qan axınına mexaniki təzyiq göstərə bilər.
Həkim bildirib ki, uzun müddət hərəkətsiz qalmaq bu təsiri daha da artıraraq aşağı ətraflarda qan durğunluğuna səbəb ola bilər. Bunun fonunda damarlarda tromboz kimi ciddi fəsadların yaranma riski də arta bilər.
Zeynəb Rzayeva
















