“ABŞ-nin təklifləri iddialı, qeyri-real və məntiqsizdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, ABŞ tərəfindən təqdim edilən 15 maddəlik təklif paketi, əsasən, çox iddialı, qeyri-real və məntiqsiz tələblərdən ibarətdir.
Sözçü ABŞ rəsmilərinin tez-tez mövqe dəyişdiyini və ziddiyyətli açıqlamalar verdiyini vurğulayıb. Onun sözlərinə görə, təqdim olunan təkliflər mövcud reallıqlarla uzlaşmır.
Bəqayi regional məsələlərə də toxunaraq qeyd edib ki, qonşu ölkələrin sülh və təhlükəsizlik istiqamətində səyləri təqdirəlayiqdir, lakin bəzi təşəbbüslər İranın iştirakı olmadan həyata keçirilir. O, xüsusilə Pakistan tərəfindən təşkil olunan regional görüşlərin Tehranın planlarına daxil olmadığını bildirib.
Bəqayi Türkiyə ilə münasibətlərə də toxunaraq, iki ölkə arasında dostluq əlaqələrinin davam etdiyini və tərəflərin daim təmasda olduğunu qeyd edib.
O əlavə edib ki, Türkiyə rəsmilərinin regiondakı gərginliklə bağlı mövqeyi və Qəzza məsələsində səsləndirdiyi fikirlər Tehranda müsbət qiymətləndirilir.
Regional təhlükəsizlik məsələlərindən danışan Bəqayi bildirib ki, hər hansı ölkənin öz ərazisinin başqa dövlətə qarşı hücumlar üçün istifadəsinə icazə verməsi beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, İran region ölkələrini düşmən hesab etmir, lakin yalnız neytral mövqe bəyan etmək kifayət deyil.
XİN rəsmisi həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı iddialara münasibət bildirərək, iranlıların bu ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını və onların maraqlarının qorunacağını vurğulayıb.
İranın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərinin davam etdiyini deyən Bəqayi, eyni zamanda, Beyrut şəhərində yerləşən səfirliyin fəaliyyətini davam etdirdiyini qeyd edib.
Buşehr Atom Elektrik Stansiyası ətrafında baş verən hadisələrə toxunan rəsmi burada həyata keçirilən hücumların son dərəcə təhlükəli olduğunu və stansiyanın fəaliyyətini davam etdirdiyini bildirib.
İranın hərbi fəaliyyətləri ilə bağlı iddiaları da rədd edən Bəqayi kaset bombalarından istifadə olunduğu barədə məlumatların həqiqətə uyğun olmadığını deyib.
Hörmüz boğazındakı vəziyyətə gəlincə, o, neft qiymətlərindəki artıma görə İranın məsuliyyət daşımadığını vurğulayıb. Onun sözlərinə görə, boğaz hücumlardan əvvəl açıq olub və hazırda bəzi gəmilər İranla koordinasiya şəraitində hərəkət edir.
Sonda Bəqayi Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı müzakirələrə də toxunaraq bildirib ki, İran hələ də sazişin tərəfidir, lakin ölkənin bu çərçivədə hüquqlarından istifadə edə bilməməsi ciddi suallar doğurur.
Bakı 




