OPEC+ ölkələri sentyabr ayından etibarən neft hasilatı kvotasını sutkada təxminən 188 min barel artırmağı planlaşdırır. Lakin bundan sonra hasilatın növbəti artımı ilin sonunadək dondurulacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi alyansdakı mənbələrinə istinadən məlumat yayıb.
Söhbət ilin böyük hissəsi ərzində hasilatı tədricən artıran 7 ölkədən - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Omandan gedir. Bununla belə, agentlik vurğulayır ki, faktiki hasilat artımı təsdiqlənmiş kvotalardan kifayət qədər aşağı olub. Buna səbəb Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki münaqişə nəticəsində Fars körfəzi ölkələrindən, həmçinin Rusiya və Qazaxıstandan neft tədarükünə mənfi təsir edən ixrac fasilələridir.
Agentliyin mənbələri bildirir ki, 2026-cı ilin sonunadək hasilatın daha da artırılmasından imtina edilməsi 2027-ci ildən tətbiq olunacaq yeni baza hasilat səviyyələri üzrə planlaşdırılan danışıqlarla bağlıdır. Sentyabr ayındakı artım OPEC+ ölkələrinin 2023-cü ildə razılaşdırdığı günlük 1,65 milyon barellik könüllü hasilat ixtisarının tədricən ləğv olunmasının yekun mərhələsi olacaq.
Bundan sonra 2022-ci ildən qüvvədə olan günlük təxminən 2 milyon barellik hasilat məhdudiyyəti saxlanılacaq. Alyans bu həcmlərin iştirakçılar arasında necə bölüşdürüləcəyini müəyyənləşdirməlidir.
Xatırladaq ki, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) dünya neft hasilatının təxminən üçdə birini təmin edən 12 dövləti birləşdirir. OPEC+ alyansına isə təşkilatın üzvlərindən başqa Azərbaycan, Qazaxıstan, Meksika, Oman və Rusiya da daxil olmaqla daha 10 ölkə daxildir. Ümumilikdə OPEC+ formatında 22 dövlət iştirak edir. Onlar dünya neft bazarındakı təklif-tələb balansına və qiymət sabitliyinə təsir göstərmək üçün hasilat həcmlərini əlaqələndirilmiş şəkildə tənzimləyirlər.
Bakı 



